Prezident İlham Əliyev Azexport portalı barədə danışıb

Prezident İlham Əliyev Azexport portalı barədə danışıb
18 April
2017

Prezident İlham Əliyev qeyri-neft ixracatçılarının respublika müşavirəsində Azexport portalı barədə danışıb.  Dövlət başçısı giriş nitqində sahibkarlara mümkün olan hər bir köməyin göstərildiyini vurğulayıb. O Azexport poratlının yaradılmasını bu istiqamətdə müsbət nümunə kimi göstərib.

 Prezident İlham Əliyevin müşavirədəki giriş nitqindən: “ ......Keçən il biz Azexport portalını yaratdıq. Bu da dövlət tərəfindən atılmış addımdır ki, biz sahibkarların işini yüngülləşdirək. Azexport portalı bu gün artıq dünya miqyasında özünü tanıtdıra bilib. Bu portala maraq getdikcə daha böyük olacaq. İndi əsas vəzifəmiz ondan ibarətdir ki, biz xaricdən sifariş olunan malların istehsalını təmin edə bilək. İndi bəzi hallarda sifariş olunur, ancaq ixraca göndəriləcək kifayət qədər məhsulumuz hələ ki, olmur. Ancaq “Azexport” portalının yaradılması çox müsbət hadisədir və getdikcə bu portala dünyada maraq artacaq.

“Made in Azerbaijan” brendini dünyada tanıtdırmaq üçün praktiki addımlar atılır. Artıq bu brend bu gün dünyada şöhrət qazanır. Əlbəttə ki, dövlət tərəfindən təşkil edilmiş sərgilər və o sərgilərdə sahibkarların iştirakı gözəl nəticələrə gətirib çıxarır. Mənə verilən məlumata görə, bir neçə sərgidə artıq kontraktlar da imzalanmışdır. Əgər biz bu sərgilərdə iştirak etməsəydik, kontraktlar da imzalanmazdı. Yəni, biz gördük ki, sahibkarlara əlavə kömək göstərilməlidir…”

 Prezident İlham Əliyev ixracatçılarla görüşündə yekun nitqi zamanı da Azexport portalından danışıb və bildirib ki, portal artıq dünyada tanınır.

Prezident İlham Əliyevin müşavirədəki giriş nitqindən: “ ....Azexport portalı yaradıldı. Bu barədə mən giriş sözümdə dedim. İndi biz Azexport portalını müfəssəl məlumatlarla təmin etməliyik. Sahibkarlar bu portala öz fəaliyyətləri haqqında məlumat yerləşdirsinlər və mütəmadi olaraq bu portalla maraqlansınlar, görsünlər ki, nəyə tələbat var, hansı sifarişlər yerləşdirilir. Çünki biz artıq bunun ilkin nəticələrini görürük. Portalın fəaliyyəti nəticəsində artıq bir çox kontraktlar imzalanıb. Ancaq, eyni zamanda, nəyi görürük? Bəzən sifariş gəlir, ancaq ixrac ediləcək məhsulumuz olmur. Ona görə, bu portalın mənası təkcə ondan ibarət deyil ki, biz öz məhsulumuzu ixrac edək, halbuki birinci vəzifə bundan ibarətdir. Eyni zamanda, bu portal bizə tələbat haqqında, regionlar haqqında məlumat verəcək, hansı regiondan, hansı ölkədən hansı məhsula tələbat var və bunu dövlət qurumları da, sahibkarlar da görəcək. Görəcək ki, misal üçün filan məhsula tələbat var, ancaq Azərbaycanda bunun istehsalı lazımi səviyyədə deyil. Deməli, dövlət də Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə o sahəyə kreditlər verəcək. Sahibkar da görəcək ki, əgər o məhsulu istehsal etsə, yetişdirsə, bunun bazarı olacaqdır. Ona görə, buna nail olmaq üçün birinci növbədə, bütün Azərbaycan şirkətləri öz məhsulları, ixracyönümlü məhsulları haqqında Azexport portalına məlumatlar yerləşdirsinlər və bu portalı izləsinlər. Əlbəttə ki, dövlət qurumları da daim monitorinq aparmalıdırlar. Tələbat əslində təklifi də stimullaşdıracaq….”

Add Comment

You must login to add a comment. If you do not have an account, you may register for one. Registration is free!